Azərbaycanın birinci xanımının ad günüdür.
26 avqust Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Milli Məclisinin deputatı Mehriban Əliyeva ömrünün 51-ci baharına qədəm qoyur.
Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.
1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub.
1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
1988-1992 illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.
1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub.
1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan - İrs" jurnalını təsis edib.
2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.
Mehriban Əliyeva 2004-cü il may ayının 10-da rəsmi açılışı olan Heydər Əliyev Fondunun prezidentidir.
2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva YUNESKO-nun Xoşməramlı səfiri adına layiq görülüb.
2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.
2005-ci il noyabrın 6-da Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Əzizbəyov ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 92.12% (23106 səs) səs toplayaraq deputat seçilib.
2010-cu ildə o, 14 saylı Xəzər ikinci seçki dairəsindən Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə yenidən parlamentə deputat seçilib.
Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva 2006-cı il noyabrın 24-də İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 may 2009-cu il tarixli sərəncamı ilə Mehriban Əliyeva ölkənin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatına layiq görülüb.
Azərbaycan Prezidenti İlham Əliyevin həyat yoldaşı olan Mehriban Əliyevanın Leyla və Arzu adlı iki qızı, Heydər adlı bir oğlu, Əli, Mikayıl və Aydın adlı üç nəvəsi var.
www.oxu.az