Bakıda binaların üzərində günəş panelləri yerləşdirməklə evlərin, küçələrin və blokların işıqlandırılması məsələsi gündəmdədir.
Bunu açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliynin direktor müavini Cəmil Məlikov deyib.
Bu metodu müasirlik hesab edən C.Məlikov qeyd edib ki, bununla, həm də elektrik enerjisindən səmərəli istifadə ediləcək: "Binaların üzərinə günəş panelləri yerləşdirməklə küçə və ictimai yerləri işıqlandırmaq məsələsi "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında" qeyd olunub. Bakının mərkəzində olmasa da, paytaxta yaxın ətraf qəsəbələrdə bu tipli işlər görmüşük. Badamdarda, Hövsanda, Qaradağ rayonunda 5 məktəb və 2 polikilinikanın damında günəş paneli quraşdırmaqla sözügedən obyektlərin elektirk enerjisi ilə təmin olunmasını həyata keçirmişik. Bu istiqamətdə işlərimiz davam edir".
Bu üsulun həyata keçirilməsini çox vacib sayan Dövlət Agentliyinin direktor müavini vurğulayıb ki, hazırda sözügedən işlərin daha geniş vüsət alması üçün bir sıra beynəlxalq maliyyə təşkilatları ilə danışıqlar aparılır. O, beynəlxalq maliyyə təşkilatlarına verilən təkilflərin dəyərləndirilməsindən sonra işlərin başlayacağını istisna etmir: "Hazırda beynəlxalq maliyyə təşkilatları bizim təkliflərimizə baxır. Onların cavabından sonra, yəqin ki, biz dediyimiz layihə ilə bağlı işlərə başlaya biləcəyik. Amma hazırda beynəlxalq qurumlar Azərbaycanın banklarına bu işləri həyata keçirmək üçün kifayət qədər maliyyə vəsaiti ayırır. Dövlət səviyyəsində olmasa da, kimsə evinin üzərində günəş paneli quraşdırmaq istəsə, onun üçün güzəştli kreditlər ayrılır. Hesab edirəm ki, bu kreditlərdən yararlanaraq elektirk enerjisindən səmərəli istifadə etmək olar".
Milli.Az