Azərbaycanda diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların nəqliyyat vasitələrinin qeydiyyata alınması ilə bağlı dəyişikliklər edilib.
Nazirlər Kabinetinin qərarı ilə “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də dəyişikliklər edilib.
Əsasnaməyə edilən əlavəyə görə, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının nəqliyyat vasitələri ümumi əsaslarla qeydiyyata alınır.
Əsasnamənin Diplomatik nümayəndəlik və konsulluqlarına, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatlara, habelə onların diplomatik personalı və bu personalın ailə üzvlərinə məxsus nəqliyyat vasitələrinin qeydiyyata alınmasının xüsusiyyətləri ilə bağlı 3-cü hissəsində isə ciddi dəyişiklər edilib.
Dəyişikliklərə görə, xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqları, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatlar, habelə onların diplomatik personalı və bu personalın ailə üzvləri onlara məxsus xidməti və şəxsi nəqliyyat vasitələrinin qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə qeydiyyat orqanına müraciət edirlər.
Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalının və bu personalın ailə üzvlərinin xidməti və şəxsi nəqliyyat vasitələrinə qeydiyyat şəhadətnaməsi və “D” seriyası üzrə dövlət qeydiyyat nişanı verilir.
Diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların inzibati-texniki və xidməti personalına və bu personalın ailə üzvlərinə “T” seriyası üzrə dövlət qeydiyyat nişanı verilir.
Fəxri konsulluqların nəqliyyat vasitələrinə “FK” seriyası üzrə dövlət qeydiyyat nişanı verilir.
"Nəqliyyat vasitələri və onların qoşqularının nömrə nişanları, tipləri və əsas ölçüləri, texniki tələblər" AZS-005-96 Azərbaycan Respublikası Dövlət Standartına görə dövlət qeydiyyat nişanları tətbiqindən asılı olaraq aşağıdakı rənglərdə ola bilər:
Əsasnamənin 9.2-ci bəndin 2-ci yarımbəndi, yəni əcnəbilərin, xarici hüquqi şəxslərin və Azərbaycan-xarici ölkə birgə müəssisələrinin nəqliyyat vasitələri üçün sarı rəngli dövlət qeydiyyat nişanlarının verilməsi hissəsi ləğv edilib.
Trend.az