İndiyədək Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən dövlət qurumlarına 1 110 ədəd «elektron imza» («e-imza») verilib.
Nazirlikdən verilən məlumata görə, Daxili İşlər, İqtisadi İnkişaf, Təhsil, Səhiyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Vergilər, Müdafiə Sənayesi nazirlikləri, Dövlət Statistika, Dövlət Şəhərsalma və Arxitektura, Qiymətli Kağızlar, Ailə, Qadın və Uşaq Problemləri, Diasporla İş üzrə, Dövlət Torpaq və Xəritəçəkmə, Dövlət Gömrük komitələri, Milli Depozit Mərkəzi, «Meliorasiya və Su Təsərrüfatı» ASC, «Azərenerji» ASC, «Azəriqaz» ASC, Prezident Yanında Dövlət Qulluğu və Tələbə Qəbulu üzrə Dövlət komissiyaları, Dövlət Miqrasiya Xidməti və sair qurumlar «e-imza» almaq üçün müraciət edib.
Bundan başqa, 1 200-ə yaxın «e-imza»nın verilməsi üçün müqavilə bağlanılıb. Eyni zamanda Elektron Mərkəzdən də bu günə qədər 250-yə yaxın «e-imza» verilib.
Qeyd edək ki, 3 il müddətinə verilən «elektron imza» kartı fərdi şəxslərə 20-30 manata, dövlət hakimiyyəti orqanları üçün 135 manata, hüquqi və fiziki şəxslər üçün isə 168 manata təklif olunur. «Elektron imza»nın tətbiqi ölkədə elektron xidmətlərdən tam istifadə olunmasına imkan yaradacaq və bürokratik əngəlləri aradan qaldıracaq.
APA