Kaliforniyanın Santa Monika şəhərində 18 sentyabr tarixi ‘Üzeyir Hacıbəyli Günü” elan olunub
3.9.2015

Azərbaycan klassik musiqisinin yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi ilə əlaqədar ABŞ-ın Kaliforniya ştatının tanınmış şəhərlərindən olan Santa Monika şəhəri tərəfindən xüsusi gün elan olunub.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə, şəhərin meri Kevin Makkion (Kevin McKeown) tərəfindən xüsusi bəyannamə imzalanaraq, 18 sentyabr 2015-ci il tarixinin “Üzeyir Hacıbəyli Günü” kimi qeyd olunacağı bəyan edilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təqdim olunmuş bəyannamədə, Üzeyir Hacıbəylinin Azərbaycan klassik musiqisinin banisi olduğu vurğulanaraq, onun ənənəvi Azərbaycan musiqisi və Avropa klassik operasının sintezi əsasında Şərq və Qərb musiqisinin çalarlarını özündə birləşdirən yeni bir janr yaratdığı diqqətə çatdırılır.

Ölməz bəstəkarın milli musiqimizə verdiyi töhfələrlə yanaşı, onun jurnalist, müəllim və tərcüməçi kimi Azərbaycan maarifçiliyində oynadığı roldan bəhs edilərək, Üzeyir Hacıbəylinin bu istiqamətdəki fəaliyyətinin ölkə sərhədlərini aşaraq bütün Avrasiyada insanların tərəqqisinə işıq saçdığı qeyd olunur.

Həmçinin, Üzeyir Hacıbəylinin İslam dünyasında ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının (ADR) formalaşmasında önəmli rol oynadığı və Azərbaycanın ilk himninin müəllifi olduğu xüsusi vurğulanır.

Eləcə də, bəyannamədə dahi bəstəkarın müsəlman dünyasında ilk opera və operettanın müəllifi olduğu qeyd olunaraq, dünya şöhrətli “Arşın Mal Alan” operettası və filmi barədə məlumat verilir və bu səpkidə filmin rənglənmiş versiyasının 19 sentyabr 2015-ci il tarixində ABŞ-da ilk dəfə olaraq Los Ancelesdə nümayiş etdiriləcəyi bildirilir.

Qeyd edək ki, Los Anceles şəhərinin qonşuluğunda yerləşən Santa Monika şəhəri bir çox Hollivud ulduzlarının və rejissorlarının yaşadığı şəhər kimi tanınır.

APA