Bakıda Dünya Gömrük Təşkilatının 10-cu illik PICARD konfransı öz işinə başlayıb
8.9.2015

Sentyabrın 8-də Bakıda Dünya Gömrük Təşkilatının 10-cu illik PICARD (“Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı”) konfransı öz işinə başlayıb.

Konfransda Azərbaycan da daxil olmaqla 53 ölkədən 241 nümayəndə, 21 beynəlxalq və regional təşkilat, o cümlədən 3 Nobel mükafatçısı iştirak edir.

Konfransın açılış mərasimində Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya və Koreya Respublikasının Gömrük Xidmətinin sədr müavini Don-Hyunq Linin iştirak edirlər.

Tədbirin ilk günü Nobel mükafatı laureatı, Harvard Universitetinin professoru (ABŞ) Erik Maskin “Niyə qlobal bazarlar inkişaf etməkdə olan ölkələrdə bərabərsizliyi azalda bilmədi?” və Beynəlxalq Vergi və Tərəqqi Mərkəzinin baş direktoru (Birləşmiş Krallıq) Mik Mur isə “Beynəlxalq əməkdaşlıq: ticarət və vergilərin müqayisəsi” adlı əsas məruzə ilə çıxış edəcəklər.

Sonra konfrans “Gömrük əməkdaşlarının təşviq edilməsi amilləri” və “Qlobal dəyər zəncirləri” adlı sessiyalarla işini davam etdirəcək, bu bölmələr üzrə məruzələr dinləniləcək.

Sentyabrın 9-da isə konfransın sessiyaları “Gömrük sahəsində yeniliklər”, “Qlobal dəyər zəncirləri”, “Gəlir və tarif məsələləri”, “Saxtakarlıq və faktlar” məsələlərinə həsr olunacaq. Həmin gün əsas məruzə ilə Nobel mükafatı laureatı, Arizona Dövlət Universitetinin professoru (ABŞ) Edvard K.Preskott çıxış edəcək.

Sentyabrın 10-da isə konfrans öz işini “Saxtakarlıq və faktlar”, “Mədəniyyət nümunələri üzərində mülkiyyət hüquqlarının qorunması”, “Gömrük risklərinin idarə edilməsi”, “Qeyri-formal ticarət” adlı sessiyalarla yekunlaşdıracaq. Həmin gün “Milli siyasi mühitin innovativ fəaliyyətə və kapitalın formalaşmasına təsiri” adlı əsas məruzə ilə Nobel mükafatı laureatı, Santa Barbarada yerləşən Kaliforniya Universitetinin professoru (ABŞ) Finn Kidland çıxış edəcək.

AZƏRTAC