Heydər Əliyev Fondu məktəbə gedən birinciləri sevindirib
9.9.2015

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 139 nömrəli orta məktəbdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları, çantalar və məktəb ləvazimatları təqdim olunub. Bu barədə  Qaradağ Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Təranə İsmayılova mütəmadi xeyriyyə aksiyaları keçirən Heydər Əliyev Fondunun qısa müddətdə bir çox insanların ümid yerinə çevrildiyini bildirib. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin ölməz ideyalarının layiqli daşıyıcısına çevrilmiş Fond hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə maddi-mənəvi dəstək verir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə respublikamızda elmin, mədəniyyətin, səhiyyənin inkişafı, milli-mədəni irsimizin qorunması, tarixi abidələrimizin bərpa edilməsi, mədəniyyətlərarası dialoqda xalqımızın layiqincə təmsil olunması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində irimiqyaslı layihələrin, sosial proqramların həyata keçirilməsi misilsiz xidmətlərdir. Qaradağ rayonunun bir çox məktəblərinin də məhz Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunduğu, müasir standartlar səviyyəsində yenidən qurulduğu vurğulanıb. Həmçinin rayon ərazisində Heydər Əliyev Fondu tərəfindən üç yeni körpələr evi-uşaq bağçasının tikintisi də nəzərdə tutulub ki, artıq onlardan ikisinin tikintisinə başlanılıb.

Sonda yeni tədris ili ərəfəsində Qaradağ rayonunda yaşayan imkansız, maddi durumu ağır olan ailələrdən orta ümumtəhsil məktəblərində təhsil alacaq 200 məktəbliyə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəbli formaları, çantalar və məktəb ləvazimatları təqdim olunub.

AZƏRTAC