Vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolsevis” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Biləcəri qəsəbəsi Malik Aslanov küçəsi döngə 6-da təmir işləri həyata keçirilir. Sözügedən küçənin bu hissəsində bundan öncə asfalt-beton örtüyünün olmaması orada yaşayan vətəndaşların xüsusən də qış aylarında gediş-gəlişində müəyyən problemlər yaradıb.
"Azəryolservis" ASC-dən bildirilib ki, təmir olunan küçənin uzunluğu 550 metr, eni isə 6 metrdir. Burda yeni asfalt-beton örtüyü döşənməmişdən öncə Nəqliyyat Nazirliyi “Azəryolsevis” ASC tərəfindən yol yatağı kipləşdirilib, yolun hərəkət hissəsi isə hamarlaşdırılıb. Ümumilikdə asfalt-beton örtüyü küçənin 3300 kvadrat metr sahəsinə döşənir.
Təmir işlərinin sabaha yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
AZƏRTAC