Gələn ay «Azərbaycan Hava Yolları» QSC (AZAL) yeni «Boeing-767» sərnişin təyyarəsini Bakıya gətirəcək. Bu barədə AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.
Onun sözlərinə görə, AZAL aviaşirkəti çalışacaq ki, yeni «Boeing-767» sərnişin təyyarəsini ölkə paytaxtına iyunun 2-si - Milli Aviasiya Günündə gətirsin: «Eyni zamanda AZAL bu ilin ortalarında iki ədəd «Boeing-767» yük təyyarəsini də Bakıya gətirəcək».
Qeyd edək ki, bununla da AZALın aviaparkında sərnişin təyyarələrinin sayı 22-yə çatdırılacaq («Boeing», «Airbus» və ATR tipli avialaynerlərin ümumi sayı).
Xatırladaq ki, 2011-ci ilin iyunun 2-də artıq bir ədəd «Boeing-767-300ER» tipli yeni enli füzelajlı təyyarəsi AZAL-ın aviaparkına daxil edilib. «Babək» adlanan təyyarə «Boeing» şirkətinin Sietl şəhərindəki zavodundan Bakıya birbaşa uçuş yerinə yetirib. Yeni təyyarə Sietldən Bakıya qədər olan məsafəni 14 saata qət edib. Yeni dizaynlı, daha mükəmməl texniki struktura malik «Boeing-767-300ER» təyyarəsində biznes sinif sərnişinləri üçün 22, ekonom sinif sərnişinləri üçün 176 yer nəzərdə tutulub. Bu təyyarə birbaşa 14-15 min km məsafə qət etmək gücünə malikdir. Bunun sayəsində AZAL dünyanın ən uzaq şəhərlərinə reyslər yerinə yetirmək imkanı əldə edəcək.
Xatırladaq ki, 2014-cü ildə isə Azərbaycana ən yeni «Boeing-787 Dreamliner» hava gəmisinin gətirilməsi planlaşdırılır.
APA