Bakı Dövlət Universiteti dünyanın nüfuzlu ali məktəbləri arasında yer alıb
14.9.2015

Bakı Dövlət Universiteti (BDU) növbəti dəfə dünyanın nüfuzlu universitetləri arasında yer alıb. Ali məktəblərdə tədrisin keyfiyyətinə görə Round University Ranking (RUR) beynəlxalq reytinqində bu təhsil müəssisəsi 750 universitet arasında 656-cı olub.

BDU-dan bildiriblər ki, ali məktəblərin beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi sahəsində konsaltinq xidmətləri göstərən RUR beynəlxalq təşkilatının reytinqində dünyanın 70-dən artıq ölkəsindən olan 750 universiteti tədrisin və tədqiqatların keyfiyyəti, beynəlmiləlçilik, maliyyə davamlılığı kimi dörd qrupda birləşmiş 20 ayrı-ayrı göstəricilər üzrə qiymətləndirilir.

Harvard Universitetinin başçılıq etdiyi ilk onluğa Stanford, Çikaqo universitetləri, Kaliforniya Texnologiya İnstitutu (ABŞ), London İmperial Kolleci (Böyük Britaniya), Massaçusets Texnologiya İnstitutu (ABŞ), Kolumbiya Universiteti, Böyük Britaniyanın Oksford, Kembric universitetləri və İsveçrə Federal Texnologiya İnstitutu kimi ali məktəblər daxildir.

Reytinq "Thomson Reuters" beynəlxalq media kompaniyasının göstəriciləri əsasında hazırlanıb.

Qeyd edək ki, Türkiyənin Orta Doğu Texnik Universiteti tərəfindən təsis edilən Akademik Perspektivləri üzrə Beynəlxalq İnstitutunun (URAP) bu ilin iyun ayında açıqladığı reytinqə görə 2014-2015-ci illər üçün ən yaxşı universitetləri siyahısında Azərbaycan ali məktəblərindən yalnız BDU yer almışdı.

Universitet dünya reytinqi üzrə isə 1872-ci sırada qərarlaşmışdı. URAP-ın qiymətləndirmə meyarlarının əsasını universitetin elmi nailiyyətləri, bu işlərin beynəlxalq aləmdə tanınması, sitatların indeksi və tədqiqat nəticələrinin keyfiyyəti təşkil edir.

AZƏRTAC