Velosipedlər üçün xüsusi zolaqlar çəkiləcək
16.9.2015

Yaxın gələcəkdə Azərbaycanda yollarda velosipedlərin hərəkəti üçün xüsusi zolaqlar çəkilə bilər.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən verilən məlumata görə, bir sıra Avropa şəhərlərində olduğu kimi paytaxt Bakıda da velosipedlərin hərəkəti üçün ayrıca zolaqların çəkilməsi nəzərdə tutulur. Lakin hələlik bunu mövcud yollarda etmək mümkün deyil. Bununla bağlı standartlar da müəyyənləşməyib. Lakin yaxın gələcəkdə yenidən qurulan yollarda belə bir təcrübə tətbiq edilə bilər.

Artıq bununla bağlı "Azəryolservis" ASC tərəfindən müvafiq qurumlara təkliflər də ünvanlanıb. Lakin bu zolaqlar ilkin mərhələdə şəhər və qəsəbələrarası yollarda yox, pilot olaraq Bakı şəhərinin içərisindəki küçə və prospektlərdə olacaq. Əgər təkliflər müsbət cavablandırılsa və yenidən qurulan yollarda velosipedlərin hərəkəti üçün zolaqlar ayrılsa, həmin yol bu sahədə standart kimi qəbul ediləcək.

Qeyd edək ki, artıq paytaxtın yol təsərrüfatında maraqlı yenilik edilib və ilk dəfə olaraq Bakı yollarına qırmızı rəngli asfalt döşənilib. Məlumata görə, yollara qırmızı asfalt döşənməsi sınaq layihədir və yollara estetik gözəllik verilməsi məqsədi daşıyır. Adıçəkilən ərazidə də qırmızı asfalt sınaq kimi döşənilib. Yaxın gələcəkdə paytaxtın digər ərazilərində də, xüsusən səkilərdə, piyada zolaqlarında, dairələrdə bu rəngdə asfalt örtüyünün döşənilməsi gözlənilir. Hələlik sınaq layihə kimi estetik baxımdan yalnız qırmızı rəngli asfalt örtüyü döşənilir, digər rəngli asfaltdan istifadə edilməsi və onların yolun hərəkət hissəsinə döşənilməsi planlaşdırılmır.

day.az