“Üç tarix” kinoalmanaxı çərçivəsində çəkilmiş daha bir qısametrajlı film beynəlxalq uğura imza atıb
16.9.2015

“Nar” mobil operatorunun və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə 2013-cü ildə yaradılmış “Üç tarix” adlı kinoalmanax çərçivəsində çəkilən “Tanrıya məktub” filmi dünyanın ən nüfuzlu qısametrajlı film və ssenari festivallarından olan 12-ci “DC Shorts” festivalının müsabiqə proqramına daxil edilib.Bu ilin sentyabrın 10-da Vaşinqton şəhərində start götürmüş kinofestivalda 24 ölkənin istehsalı olan 125 qısametrajlı film nümayiş olunub. Gənc azərbaycanlı rejissor Mariya İbrahimovanın qısametrajlı filmi ABŞ-ın bu mötəbər film festivalının proqramına daxil edilməklə, daha geniş tamaşaçı auditoriyasının diqqətini cəlb edərək böyük uğura imza atıb.

Şirkətdən bildirilib ki, festivalda nümayiş etdirilən “Tanrıya məktub” filmi kino həvəskarları arasında keçirilmiş səsvermə nəticəsində təqdim olunan “Tamaşaçıların rəğbəti” (Audıence Wınners) mükafatına layiq görülüb. Film tamaşaçıların böyük marağına səbəb olub.

Ölkə mədəniyyətinin təbliği istiqamətində fəaliyyəti ilə tanınan “Nar” Azərbaycanın kinematoqrafiya sənətinin inkişafı missiyasına öz töhfəsini vermişdir və bu istiqamətdə bir çox layihəyə imza atmışdır. Milli-mənəvi dəyərlərə böyük önəm verən “Nar” əsrlərin xatirəsini özündə yaşadan qədim Bakının təkrarolunmaz ənənələrini qorumaq və yaşatmaq məqsədi daşıyan bu layihəyə də öz dəstəyini əsirgəməmişdi.
AZƏRTAC