Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 36 dövlət orqanında inzibati vəzifələrin VI-VII təsnifatına uyğun 299 vakant vəzifənin tutulması üçün elan edilən müsabiqənin test imtahanlarına başlanılıb.
445 nəfərin sənəd təqdim etdiyi müsabiqənin test imtahanlarında namizədlərə qanunvericilikdən 40, məntiqi təfəkkür barədə 30, kompyuter bilikləri ilə bağlı 15, ümumi dünyagörüşü üzrə 15 olmaqla, ümumilikdə, 100 test tapşırığı təqdim olunur.
İmtahanlarda namizədlərin biliklərini sərbəst şəkildə nümayiş etdirmələri üçün hərtərəfli şərait yaradılıb. Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə imtahanın gedişinin video və audio yazısı qeydə alınır. İmtahandan dərhal sonra namizədlərə cavab kartı və nəticə barədə arayış verilir. Nəticələr komissiyanın internet saytında yerləşdirilir. Test imtahanında müvafiq keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanırlar.
Məlumat üçün bildirək ki, bu ilin avqust ayının 6-da elan edilən müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər sentyabrın 29-dək mərhələli şəkildə test imtahanları verəcəklər.
AZƏRTAC