Yer kürəsinin bioloji resursları 1970-ci ildən 2008-ci ilədək 28 faiz azalıb. Ümumdünya Vəhşı Təbiət Fondu (ÜVTF) mütəxəssislərinin ildə iki dəfə hazırladıqları "Canlı planet" adlı yeni məruzədə belə deyilir.
Fondun mütəxəssislərinin demək olar ki yarısından çoxu bioloji müxtəlifliyin parametrlərinin azalması qənaətinə gəlib. Bu nəticə 9 mindən artıq fəqərəli heyvan siniflərinin - məməlilər, balıqlar, quşlar, sürünənlər və suda-quruda yaşayanların çoxalmasının inkişafını öyrənmək əsasında müəyyən edilib.
Fondun ekspertləri qeyd edirlər ki, 1966-cı illə müqayisədə insanların təbii resurslara tələbatı iki dəfə artıb.
Onların sözlərinə görə, dünyanın ekoloji sisteminin əsas istifadəçisi və çirkləndiricisi ABŞ-dır. "Əgər bütün dünya təbii resurslardan amerikalıların bu gün istifadə etdikləri miqyasda faydalanarsa, onda ekoloji tarazlığın saxlanması üçün Yerlə müqayisə oluna bilən daha beş planet lazım gələrdi", - məruzədə deyilir.
Lakin ABŞ dünyanın təbii resurslarından israfçılıqla istifadə edən (adambaşına) ölkələrin siyahısında yalnız beşinci yeri tutur. Bu göstərici üzrə liderlər Qətər (1-ci yer), Küveyt (2), Birləşmiş Ərəb Əmirlikləri (3) və Danimarkadır (4). 6-dan 10-dək olan yerləri müvafiq olaraq Belçika, Avstraliya, Kanada, Niderland və İrlandiya tutur. Rusiya bu siyahıda 33-cü yerdədir.
Trend