“Elektron təhsil” müsabiqəsi başladı
21.9.2015

Bir müddət öncə xəbər verdiyimiz kimi, “Elektron təhsil” Respublika müsabiqəsi keçirləcəkdi.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu gün müsabiqəyə start verilib.

Qeyd edək ki, təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş müsabiqə “Müəllim” və “Şagird” istiqamətləri üzrə 6 nominasiyada təşkil olunur.

Müsabiqədə ümumtəhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidən hazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri və şagirdlər iştirak edə bilər. Müsabiqədə iştirak etmək istəyənlər www.musabiqe.edu.az səhifəsində qeydiyyatdan keçməli və ərizəni doldurmalıdırlar. Qaliblərə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq.

Müsabiqə Dr. Web, AzEduNet, Ultra, "Təhsildə İnnovativ Texnologiyar" Əlavə Təhsil Mərkəzi, Edumediya Azərbaycan və Nar Mobile tərəfindən dəstəklənir.

Müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdan ibarətdir.

Qeyd edək ki, 2010-cu ildən təşkil edilən müsabiqəyə keçirildiyi 6 il ərzində ümumilikdə, 5000-dən artıq layihə təqdim olunub.

Xeberler.az