Məmməd Aslan dünyasını dəyişdi
23.9.2015

Vida mərasimi "Göy Məscid"də keçiriləcək.

Azərbaycan şairi, əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd Aslan bir neçə saat əvvəl dünyasını dəyişib.

Bu barədə  məlumatı şairin yaxın qohumları verib.

Qeyd edək ki, Məmməd Aslan uzun müddət ağciyər xəstəliyindən əziyyət çəkib. Mərhumla vida mərasimi sabah saat 11-12 radələrində "Göy Məscid"də keçiriləcək.

Məmməd Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olub. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil alıb (1957-1962).

Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlayıb. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləyib. 1970-ci ilin axırlarında Bakıya köçüb, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışıb, "Yazıçı" nəşriyyatında böyük redaktor olub. Hazırda Azərbaycan Dövlət Teleşirkətinin "Ekran-Efir" qəzetinin baş redaktoru olub.

Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlayıb. Dövri mətbuatda müntəzəm çıxış edib. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşıb. Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Murzalıyevin "Bu bağda bülbüllər ötər" (1980) şeirlər məcmuələrini şərikli tərcümə etmişdir.

Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. "Şöhrət" ordeni ilə təltif edilib(2000).

Allah rəhmət eləsin!

www.oxu.az