Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsinin əməkdaşları Gəncədə şəhərdaxili ictimai nəqliyyatda qaydalara əməl etməyən və qanunsuz olaraq taksi fəaliyyəti göstərən sürücülərə qarşı reyd keçirib.
Aparılan yoxlamalar zamanı bir çox sürücünün vahid geyim formasından istifadə etmədiyi, avtomobili natəmiz saxladığı, nəqliyyat vasitəsini sənədsiz idarə etdiyi məlum olub. Qeyd edək ki, növbəti günlərdə mikroavtobuslarda benzin əvəzinə maye qazdan istifadə hallarına qarşı da reydlər keçiriləcək.
İsa Quliyev, DANX-nin Gəncə Regional Şöbəsinin aparıcı məsləhətçisi: "Keçirilən reydlər zamanı, 4 nəqliyyat vasitəsinin sürücüsünə qarşı inzibati xəta protokolu tərtib olundu. 3 nəqliyyat vasitəsi isə xətdən uzaqlaşdırıldı. Bundan başqa 7 nəqliyyat vasitəsi isə çirkli olduğundan təmizlənməsi üçün müvəqqəti olaraq xətdən uzaqlaşdırıldı. Məqsədimiz odur ki, nəqliyyat vasitələri şəhərimizin sərnişinlərinə mədəni xidmət göstərsinlər".
Milli.Az