Göyçayda narçılığın inkişafı, nar bağları sahəsinin genişdirilməsi, keyfiyyətli nar sortlarının yetişdirilməsi və məhsuldarlığın ildən-ilə artırılması üçün işlər uğurla davam etdirilir.
Cari ildə rayonda 90 hektar sahədə yeni nar bağı salınıb. Son 5 ildə Göyçayda nar bağlarının ümumi sahəsinin 3 dəfə artaraq 3620 hektara çatması bu sahənin perspektivindən xəbər verir.
Son vaxtlar iqtisadi cəhətdən gəlirli sahə olan narçılığın respublikamızda, o cümlədən Göyçayda inkişafı geniş vüsət alıb. Bu günlərdə kəndlərdə nar yığımına başlanılıb. Bağlarda bol məhsul yetişib. Təkcə məhsulu yetişdirmək şərt deyil, onun bazara çıxarılması da vacib amil olduğundan bu istiqamətdə rayonda önəmli işlər görülür. Kənd əməkçiləri öz məhsullarını yerli bazarlara çıxararaq sərfəli qiymətə satırlar. Bundan əlavə, kəndlilər bəzən məhsulu öz həyətlərində də alıcılara təqdim edirlər. Hər il Göyçayda yetişən nar məhsulunun 40 faizi Rusiya bazarlarına göndərilir. Həmçinin rayonun bir neçə yerində nar qəbulu məntəqələri fəaliyyət göstərir. Fərdi təsərrüfat sahibləri həmin məntəqələr vasitəsilə narı emal müəssisələrinə satırlar. “AzNar” QSC-nin nar qəbulu məntəqələri də artıq fəaliyyətə başlayıb.
Cəmiyyətdən AZƏRTAC-a bildiriblər ki, yeni nar mövsümü ərəfəsində müəssisədə böyük hazırlıq işləri görülüb. Nar qəbulu, emalı və məhsul istehsalı üçün avadanlıqlar təmir olunaraq işlək vəziyyətə gətirilib, işçilər təlimatlandırılıb. Nar emalı zavodunda istehsal edilən məhsullar dünya bazarına çıxarılır. Müxtəlif çeşiddə nar, heyva, alma və üzüm şirələri istehsal edən “AzNar” zavodu hər il ABŞ, Polşa, Kanada, Yeni Zelandiya, Almaniya, Rusiya, Avstraliya, Belarus, Avstriya və İsrailə nar şirəsi ixrac edir. Xarici ölkələrə alma şirəsi və heyva cemi də göndərilir. Müəssisə bu günədək müxtəlif ölkələrdə keçirilmiş beynəlxalq qida məhsulları sərgisində 5 qızıl medal qazanıb. Rayonda meyvəçiliyin inkişafına təkan verən “AzNar” QSC Göyçayda 520 hektar sahədə yeni nar bağı, 15 hektar sahədə isə xurma, gilas və ərik bağı salıb. Meyvə bağlarına 226 min ting əkilib. Zavod Azərbaycanda ilk dəfə olaraq narın tumunu təkrar emal etməklə müxtəlif məhsulların istehsalını həyata keçirir. Narın tumundan tibbi və kosmetik yağ istehsal etmək üçün yeni sex yaradılıb. Avstraliyadan gətirilən yeni avadanlıqların köməyi ilə istehsal edilən nar yağından dəri və mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Bundan əlavə, müəssisə bölgədə ilk dəfə olaraq quru meyvə istehsalına başlayıb. Burada Rusiya istehsalı olan avadanlıqlar da quraşdırılıb və yüksək keyfiyyətə malik ərik, əncir və gavalı qurusu istehsal olunur.
“Nar Azərbaycanın demək olar ki, bütün rayonlarında yetişdirilir. Amma Göyçay narı dadına, tamına, növlərinə, keyfiyyətinə, insanların sağlamlığında xüsusi əhəmiyyətinə görə digər yerlərdəki narlardan çox fərqlənir. Göyçayın tarixi illər boyu narın yetişdirilməsi mədəniyyəti ilə sıx bağlı olub”. Bu sözləri AZƏRTAC-a müsahibəsində Göyçay Rayon İcra Hakimiyyətinin aqrar şöbəsinin məsul işçisi Mahir Məlikov deyib. O qeyd edib ki, nar Azərbaycan, İran, Hindistan, Türkiyə, Özbəkistan, ABŞ və Latın Amerikası ölkələrində becərilsə də, Göyçay yeganə rayondur ki, burada narın 67 sortu yetişir. Dünya bazarında çox böyük tələbat duyulan narın bir çox müalicəvi xüsusiyyətləri vardır. Nar cənnət meyvəsi sayılır və müqəddəs “Qurani-Kərim”də onun adı çəkilir. Nar yeganə meyvədir ki, onun başında tacı var və ona görə də meyvələrin şahı hesab edilir. Mahir Məlikov bu il noyabrın 7-də Göyçayda ənənəvi olaraq 10-cu dəfə Nar bayramının keçiriləcəyini və hazırda rayonda bu möhtəşəm tədbirə yüksək səviyyədə hazırlıq işləri görüldüyünü qeyd edib.
Hər il keçirilən bu bayram tədbiri rayonda narçılığın inkişafına, məhsul istehsalının artımına və onun satış şəbəkəsinin genişlənməsinə səbəb olur. Ötən il rayonda 44 min 500 ton nar tədarük edilib. Cari ildə məhsuldarlığın daha çox, yəni 46 min tona yaxın olacağı gözlənilir. Noyabr və dekabr aylarında rayonda yeni nar bağlarının salınması üçün sahələrdə hazırlıq işləri görülür. Rayonda əsasən “Gülövşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” nar sortları əkilir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Göyçayda cəmi 251 hektar məhsuldar nar bağı mövcud idisə, hazırda rayonda 3620 hektardan artıq sahədə nar bağı var. Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Göyçayın Şəhadət kəndindəki meyvəçilik dayaq məntəqəsində yeni nar sortları yetişdirilir və əkin üçün respublika fermerlərinə verilir. Bir çox rayonlarda məhsul bayramlarının, o cümlədən Göyçayda Nar bayramının keçirilməsində əsas məqsəd regionların təbliği, mədəni, sosial-iqtisadi potensialın nümayişi və turizmin inkişaf etdirilməsidir. Nar bir meyvə olmaqla yanaşı, həm də cəmiyyətdə böyük mədəni hadisəyə çevrilib. Narla bağlı bədii əsərlər, şeirlər yazılıb, bayatılar deyilib, bu ecazkar meyvənin şəninə mahnılar bəstələnib, festival təşkil edilib. Narla bağlı xalqımızın zəngin adət-ənənələri vardır və onun beynəlxalq səviyyədə geniş təbliğinə ehtiyac duyulur. Təsadüfi deyil ki, bu il ölkəmizdə keçirilən birinci Avropa Oyunlarının rəsmi simvollarından biri nar olub.
azertag.az