Ukraynanın Xarkov şəhərində keçirilən dünya çempionatında Azərbaycan karateçiləri uğurla iştirak etmişlər.
Bu sözləri mayın 15-də keçirilən mətbuat konfransında Azərbaycan Qoçu-Ryu Okinava Karate-Do və Kobudo Növləri Federasiyasının prezidenti Tanriverdi Allahverdiyev demişdir.
T.Allahverdiyev bildirmişdir ki, yığma komandamız mundialda 7 qızıl, 4 gümüş və 3 bürünc medal qazanmışdır. Nizami Məmmədov, İlkin Səfərov, Elsevər Quliyev, Nazim Səmədov, İsrail Əsgərov, Ayaz Fərəməzov və Tural Şıxəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Millimiz ümumi komanda hesabında Ukrayna və Rusiyadan sonra üçüncü olmuşdur.
Çempionata Gənclər və İdman Nazirliyinin dəstəyi ilə qatıldıqlarını bildirən T.Allahverdiyev mundialın yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, çempionatın açılış mərasimində karateçilərimiz arenaya Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədaları altında çıxmışlar.
AzərTAc