Azərbaycanda küçə və prospektlərin kodlaşdırılmasına başlanılıb
29.9.2015

“Azərbaycan Respublikasının 51 rayonunu və 6 respublika əhəmiyyətli şəhərini əhatə edən 142 ədəd inzibati-ərazi vahidi üzrə yeni qaydalara uyğun ünvan təyinetmə işləri aparılıb”.

Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (DƏKÜRX) “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi” MMC-nin direktor müavini Vidadi Quliyev deyib.

O, Azərbaycanda Ünvan Reyestrinin fəaliyyəti istiqamətində görülən işlərdən bəhs edib.

“Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) tətbiqi ilə ünvanlar haqqında mərkəzləşdirilmiş dövlət informasiya bazası formalaşdırılıb, ünvan məlumatlarının vahid mərkəzdən elektron idarə olunması təmin edilib. Rəqəmsal ünvan məlumatlarının III tərəfə ötürülməsi (elektron formada ÜRİS-in bazasından çıxarışların, arayışların sorğulara cavabların verilməsi) üçün şərait yaradılıb”.

Direktor müavininin sözlərinə görə, vətəndaşlara, hüquqi şəxslərə və bələdiyyələrə elektron ünvan xidmətlərinin göstərilməsi təmin edilib.

“Sistem vasitəsilə küçələrin və prospektlərin kodlaşdırılması aparılır. Bu da nəqliyyat infrastrukturu obyektlərinin adlarının dəyişdirilməsi zamanı ortaya çıxan bir çox problemləri həll etmiş olur”.

Vidadi Quliyev qeyd edib ki, respublikanın şəhər və rayonları üzrə 312 ədəd poçt indeksi ərazisinin hüdudları müəyyənləşdirilib, onların rəqəmsal sərhəd xəritələri hazırlanıb və sistemə daxil edilib. 346 ədəd NİO üzə ünvan lövhələri, 5 ədəd informasiya lövhəsi, 16 ədəd park informasiya lövhəsi, 30 ədəd küçə istiqamətləri quraşdırılıb.

Xeberler.az