Moskvada keçirilən sərgidə Azərbaycan istehsalı olan piano nümayiş etdirilib - FOTO
16.5.2012

Rusiya paytaxtında yerləşən “Expocenter” Mərkəzi Sərgi Kompleksində keçirilən sərgidə Azərbaycan istehsalı olan piano nümayiş etdirilib.

“Music Messe 2012” adlı beynəlxalq musiqi alətləri sərgisində Azərbaycanda istehsal edilmiş “Beltmann” markalı piano nümayiş olunub.

Sərginin açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib. Səfir Azərbaycanda piano və royal istehsalının sevindirici hadisə olduğunu söyləyib: “Mən bir musiqiçi kimi buna çox sevinirəm. Moskvanın ən möhtəşəm sərgi salonunda Azərbaycan istehsalı olan pianonun, belə bir xüsusi musiqi alətinin nümayiş olunması əlamətdar hadisədir. Azərbaycanın gözəl guşəsində, Qəbələdə piano fabriki fəaliyyət göstərir. Burda xaricilərlə bərabər yerli mütəxəssislər də çalışır. Musiqi alətləri istehsal sahəsi xüsusi sahədir. Azərbaycanın özündə buna tələbat böyükdür. Pianonu özüm də sınaqdan keçirdim. Yüksək keyfiyyətə malikdir”.

“Beltmann” markalı Azərbaycan pianosunun dizayneri Hans Lefernik APA-nın Moskva müxbirinə açıqlamasında pianonun yüksək keyfiyyətə malik olduğunu vurğulayıb. O, sərgidə nümayiş olunan digər pianolarla müqayisədə “Beltmann”ın daha münasib qiymətə malik olduğunu qeyd edib. H. Lefernik dörd gün davam edəcək sərgidə pianoya marağın yüksək olacağına ümid etdiyini söyləyib: “Bildiyimə görə, Moskvada çoxlu azərbaycanlı yaşayır. Azərbaycanlıların musiqiyə böyük marağı var. Ümid edirəm ki, burda yaşayan azərbaycanlılar bizim istehsal etdiyimiz pianolara böyük maraq göstərəcəklər”.

Dizayner pianonun Avropada da sərgilənməsini planlaşdırdıqlarını açıqlayıb.

APA