“BakuBus” MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi yalnız “BakıKart” vahid ödəniş kartları ilə həyata keçirilir
6.10.2015

Xəbər verdiyimiz kimi, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yeni 6 və 8 nömrəli marşrut xətləri istifadəyə verilib.

MMC-nin mətbuat xidmətindən bildirilib ki, Fransa istehsalı olan “İveco” avtobuslar 6 saylı xətt üzrə “Azadlıq prospekti” metrostansiyasından başlayaraq, Azadlıq prospektindən keçir və 20-ci sahəyə doğru hərəkət edir.

Uzunluğu 34,4 kilometr olan marşrut xətti hər iki istiqamət üzrə 30 dayanacağı özündə birləşdirir. Digər 8 nömrəli marşrut xətti də “Azadlıq prospekti” metrostansiyasından başlayaraq, Azadlıq prospektindən keçir və “28 May” metrostansiyasına istiqamətlənir. Sözügedən xətt hər iki istiqamət üzrə 15 dayanacağı özündə birləşdirir və ümumi uzunluğu 15 kilometrdir.

Məlumatda həmçinin qeyd olunub ki, “BakuBus” MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız “BakıKart” vahid ödəniş kartları ilə həyata keçirilir. “BakıKart” vahid ödəniş kartlarını bütün metrostansiyalarında və avtobus dayanacaqlarında quraşdırılmış yeni “BakıKart” terminallarından, Bakı şəhərində yerləşən müasir tipli mətbuat köşklərindən və digər “BakıKart” loqosu olan məntəqələrdən əldə etmək olar. Dövriyyədə iki növ “BakıKart” ödəniş kartları – məhdud istifadə üçün kağız “BakıKart”ları və daimi istifadə üçün plastik “BakıKart”ları mövcuddur. Kağız kartların qiyməti 20 qəpikdir, onlara 1, 2, 3 və ya 4 gediş haqqı yüklənə bilər. Bu kartlar ilk istifadə tarixindən etibarən 45 gün ərzində etibarlıdır. Plastik BakıKartların qiyməti 2 manatdır və bu növ kartlara istənilən məbləğdə gediş haqqı yüklənə bilər. “BakıKart”la bir şəhərdaxili gediş haqqı 20 qəpikdir.

“BakuBus” MMC-nin avtobuslarından istifadə edən zaman aşağıdakı qaydalara riayət olunmalıdır: avtobusa yalnız ön qapıdan minib kartı ödəniş aparatına oxutduqdan sonra salona keçilməli, avtobus dayanacaqda dayandıqda salonu yalnız orta və ya arxa qapıdan tərk etmək lazımdır.

İctimai nəqliyyatın keyfiyyətini artırmağı qarşısına məqsəd qoyan və bu sahədə hər zaman innovasiyaları tətbiq edən “BakuBus” MMC əvvəlcədən müəyyən olunmuş digər xətləri də bu ilin sonuna qədər istifadəyə verməyi nəzərdə tutur.

AZƏRTAC