Xalq Artisti Rauf Abdullayevin yaradıcılığının 50 illiyi münasibətilə konsert olacaq
7.10.2015

Oktyabrın 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Artisti, Dövlət mükafatı laureatı, “Şöhrət" ordenli, Azərbaycan Dövlət Filarmoniyası simfonik orkestrinin dirijoru, professor Rauf Abdullayevin yaradıcılığının 50 illiyi münasibətilə konsert keçiriləcək.

Filarmoniyadan bildirilib ki, maestro yaradıcılığının 50 illiyində klassik musiqi həvəskarlarına hesabat konserti verəcək.

Yaradıcılıq gecəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında Bramsın "4 saylı" və Malerin "1 saylı" simfoniyaları səsləndiriləcək.

Rauf Abdullayev Azərbaycanla yanaşı, Rusiya, Almaniya, Hollandiya, İsveçrə, Fransa, Misir, ABŞ, İtaliya və digər ölkələrdə məşhur kollektivlərə dirijorluq edib.

AZƏRTAC