Mədəniyyət və Turizm Nazirliyi “Mədəniyyət abidələrimiz” adlı foto müsabiqəsi keçirir
17.5.2012

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan xalqının zəngin mədəni irsinin qorunub saxlanılması, mədəniyyət abidələrinin təbliği, gənclərin foto sənətinə marağının artırılması məqsədilə “Mədəniyyət abidələrimiz” adlı respublika foto müsabiqəsi keçirir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə 16 yaşından yuxarı həvəskar və peşəkar fotoqraflar iştirak edə bilər. Fotolar mayın 25-dək elektron poçt vasitəsilə (mctphotocollect@gmail.com) göndərilməlidir.

Müsabiqənin yekun turu və qaliblərin əsərlərindən ibarət sərgi 2012-ci il iyun ayının 5-dən 9-dək Bakı şəhərində keçiriləcək. Yekun sərgidə qaliblər elan olunacaq və onlar Mədəniyyət və Turizm Nazirliyinin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Sərgidə nümayiş etdirilən əsərlərin kataloqunun nəşr olunması da nəzərdə tutulur.

APA