Azərbaycanın müstəqillik tarixinin şanlı və qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvar” filmi növbəti beynəlxalq film festivalına dəvət alıb.
Bu dəfə filmin adı Braziliyada keçirilən 39-cu “Mostra” – San - Paolo Beynəlxalq Kinofestivalında nümayiş olunacaq filmlərin siyahısına salınıb.
Quruluşçu rejissoru Vahid Mustafayev olan film festivalın “Beynəlxalq üfüqlər” müsabiqə bölməsində, Latın Amerikası və Braziliya premyerası statusunda təqdim olunacaq. Bu il 39-cu dəfə baş tutacaq festival oktyabrın 22-dən noyabrın 4-dək davam edəcək. Ənənəvi olaraq keçirilən beynəlxalq festivalda dünyanın dörd bir tərəfindən 300-dək ekran əsəri nümayiş olunur. Azərbaycan bu festivalda ilk dəfədir ki, iştirak edəcək.
Qeyd edək ki, Nebahət Çehrə və Lenn Deyvis kimi dünyaca məşhur aktyorların rol aldığı “Qanlı Yanvar” filmi ilk dəfə 2015-ci il yanvarın 19-da Bakıda nümayiş olunub. Film səhnəyə çıxdığı qısa vaxt ərzində bir sıra nüfuzlu festivallarda maraqla qarşılanıb.
AZƏRTAC