Nizami Kino Mərkəzində oktyabrın 8-dən etibarən "Pen: Netlandiyaya səyahət" və "Marslı" filmlərinin nümayişinə başlanıb.
"Pen: Netlandiyaya səyahət" filmi Avstraliya, ABŞ və Böyük Britaniya kinematoqrafçılarının istehsalıdır. Fentezi və məcara janrında olan filmin rejissoru Co Rayt, ssenari müəllifi Ceyson Fuksdur. Filmin sloqanı: "Hər əfsanənin başlanğıcı var". Yaş məhdudiyyəti: 6+
Film sehirli Netlandiyada təhlükəli macəralarla qarşılaşan ata-anasız birindən bəhs edir. Çətinliklərlə qarşılaşdıqda başa düşür ki, onun taleyi qəhrəmanlıq edib yaddaşlarda həmişəlik Piter Pen adı ilə qalmaqdır...
Filmdə baş rollara Hyu Cekman, Levi Miller, Qarret Xedlund, Runi Mara, Adil Axtar, Nonso Anozi və başqaları çəkiliblər.
Rejissor Ridli Skottun, Dryu Qoddardın ssenarisi əsasında çəkdiyi "Marslı" filmi fantastika və macəra janrındadır. Sloqanı: "Onu evə qaytarın". Yaş məhdudiyyəti: 16+
"Ares-3" Mars missiyasını yerinə yetirərkən iş əsnasında yaranmış təhlükəyə görə planeti tərk etməyə məcbur qalır. Mühəndis və bioloq Mark Uotni qum fırtınası nəticəsində skafandrını zədələyir. Missiyanın əməkdaşları Markı ölmüş bilib, planeti onsuz tərk edirlər. Özünə gəldikdə Uotni başa düşür ki, Yer kürəsi ilə əlaqəsi kəsilib. İndi o, dörd ildən sonra gələcək "Ares-4" missiyasını gözləmək üçün həyatda qalmağı bacarmalıdır...
Filmdə rollara Mett Deymon, Cesika Çesteyn, Kristen Uiq, Ceff Daniels, Maykl Penya, Şon Bin, Keyt Mara, Sebastyan Sten, Aksel Henni, Çivetel Eciofor və başqaları çəkiliblər.
Əziz kinosevərlər, filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən də öyrənmək mümkündür. (https://www.facebook.com/NizamiCinema?rf=hl)
Milli.az