“Mədəniyyətlərarası dialoqun gücləndirilməsində Azərbaycan mədəni irsinin təbliğinin rolu” mövzusunda sərgi açılıb
13.10.2015

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və AMEA Mərkəzi Elmi Kitabxananın birgə təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqun gücləndirilməsində Azərbaycan mədəni irsinin təbliğinin rolu” mövzusunda sərgi açılıb.

Sərginin açılışında AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Azərbaycanın Macarıstandakı və Polşadakı səfirləri Vilayət Quliyev və Həsən Həsənov, diplomatik korpusun nümayəndələri iştirak edib.

A.Əlizadə sərginin açılışını Azərbaycan elmi və mədəniyyəti üçün böyük hadisə kimi dəyərləndirib. Akademiya prezidenti qeyd edib ki, mədəniyyətlərarası dialoqun gücləndirilməsində Azərbaycan mədəni irsinin təbliği müasir dövrdə öz aktuallığı ilə seçilir və gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsi prioritet məsələlərdəndir: “Azərbaycan dünyada öz tolerantlığı, dialoqa hər zaman hazır olması ilə seçilir və tanınır. Sülhü və əmin-amanlığı güclə deyil, yalnız dialoqla bərqərar etmək mümkündür. Mən hər iki ölkədəki səfirlərimizə minnətdarlığımı bildirirəm ki, Azərbaycanın dünyada tanıdılmağı istiqamətində öz səylərini əsirgəmirlər”.

AMEA-nın vitse-prezidenti Teymur Kərimli, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Macarıstandakı səfiri Vilayət Quliyev və başqaları sərginin əhəmiyyətindən danışıblar.

Qeyd olunub ki, hər iki ölkədə Azərbaycanın tarixi, ədəbiyyatı və elmi ilə bağlı kitabların çap olunması işi davam etdirilir və nəşr olunan kitablar xarici ölkələrdəki kitabxanalara hədiyyə olunur.

APA