“Eurovision-2012” keçirildiyi dövrdə turistlərə xidmətin göstərilməsi məqsədilə informasiya köşkləri təşkil olunub
18.5.2012

Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision 2012” mahnı müsabiqəsinin keçirildiyi dövrdə turistlərə xidmətin göstərilməsi məqsədilə informasiya köşkləri təşkil olunub.

APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Turizm İnformasiya Mərkəzi, eyni zamanda Nəqliyyat Nazirliyinin, Azərbaycan Dövlət Xəzər Dəniz Administrasiyasının və “AZAL” Aviaşirkətinin dəstəyi ilə dəmir yolu vağzalında, Bakı Beynəlxalq Dəniz vağzalında, Bakı Beynəlxalq avtomobil vağzalında və Heydər Əliyev Beynəlxalq Hava Limanında turistlər üçün informasiya köşkləri yaradılıb. Həmin köşklərin işinin məqsədi ölkəyə gələn qonaqlara Azərbaycan haqqında dolğun məlumatın verilməsindən ibarətdir. Köşklərin fəaliyyəti dövründə şəhərin qonaqlarına aşağıdakı reklam-informasiya materialları paylanacaq:

- Bakı şəhərinin xəritəsi;
- Bakı piyada marşrutları sxemi;
- Bakı şəhərində keçirilən mədəniyyət tədbirləri haqqında “What&Where” bukletləri;
- Mehmanxanalar və restoranlar haqqında məlumat kitabçaları;
- Şəhərin görməli yerləri haqqında məlumat kitabçaları.

Turist informasiya köşklərinə Azərbaycan Turizm İnstitutunun müxtəlif xarici dilləri bilən tələbələri cəlb olunublar. Onlara Bakı Turizm İnformasiya Mərkəzində müvafiq treninqlər keçirilib.

APA