Nizami Kino Mərkəzində yeni filmlər nümayiş olunur
15.10.2015

Oktyabrın 15-dən etibarən Nizami Kino Mərkəzində Amerika istehsalı olan “Qırmızı pik” və AF Media–Azərbaycan şirkətinin təqdim etdiyi Türkiyənin “Aşk nerede?” filmlərinin nümayişi başlanıb.

Mərkəzin mətbuat xidmətindən bildirilib ki, ssenari müəllifi və rejissor Qilermo Del Toronun ekranlaşdırdığı “Qırmızı pik” filmi dəhşət, fentezi, triler, dram, melodrama və detektiv janrındadır.

Şəhər üzərində yüksələn ev hamını vahimələndirir. Qış gəldikdə ev qırmızı qan rəngli qara boyanır. Deyirlər, bu evin qırmızı lildən olmasından irəli gəlir. Buna baxmayaraq, heç kim risk edib o evin həndəvərinə getmir, təkcə ondan başqa. Çünki o, qədim divarlar arxasında bacısı ilə yaşayan sirli insana aşiqdir.

Qırmızı pik ayılıb və artıq yatmayacaq...

Filmdəki obrazları Mia Vasikovska, Cessika Çesteyn, Tom Xiddlston, Çarli Xannem, Cim Bivver, Bern Qorman, Lesli Xoup, Daq Cons, Conatan Xayd, Bryus Qrey və başqaları canlandırıblar.

Semra Dündarın ssenari müəllifi və rejissoru olduğu “Aşk Nerede?” filmi romantik komediya janrındadır. Film, cəmiyyətdə özəl yeri olan və özünə uyğun biri ilə ailə qurmaq istəyən qızdan bəhs edir. Müsbət emosiya bəxş edən bu film komediyanı sevən tamaşaçıların zövqünü oxşayacaq.

Filmdə baş rollara Ayça Erturan ve Faik Ergin, digər rollara Eylül Öztürk, Oya Aydoğan, Kadir Çöpdemir, Doğancan Özadlı, Mustafa Şen, Leyla Üner Ermaya, Selahattin Taşdöğen, Kemal Öğün ve Gönül Dostu Şener çəkiliblər.

AZƏRTAC