Milli Net 2015 müsabiqəsinə 141 layihə təqdim olunub
19.10.2015

Məlumat verdiyimiz kimi, Milli İnternet Mükafatı – Milli Net 2015 müsabiqəsinə internet resursların və internet layihələrin qeydiyyatı davam edir.

Bu günə olan müsabiqəyə müraciət edən layihələrlə bağlı statistik məlumatları təqdim edirik.

Müsabiqəyə indiyə qədər 141 layihə təqdim olunub. Təşkilat Komitəsi tərəfindən təhlil olunduqdan sonra 89 layihənin müsabiqədə iştirakı təsdiqlənib.

Hazırda 10 layihə isə baxılma mərhələsindədir.

42 layihə müsabiqənin şərtlərinə cavab vermədiyi üçün geri qaytarılıb.

Qeyd edək ki, iddiaçılar www.millinet.az saytında qeydiyyatdan keçərək öz resurslarını təqdim edə bilirlər.

Bir müddət öncə Xeberler.az müsabiqəyə təqdim olunan layihələrin hansı mərhələlərdən keçdiyi, ümumiyyətlə layihələrin qəbulunda müsabiqə tərəfindən tətbiq edilən qaydalarla bağlı məlumat vermişdi.

Bu il Milli İnternet Mükafatı uğrunda yarışma 14 nominasiya üzrə keçiriləcək.

Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 2 ay davam edəcək və noyabrın sonunda qeydiyyat başa çatacaq. Qiymətləndirmə prosesi dekabrın 15 -dək davam edəcək.

Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.

Müsabiqəyə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azercell, Delta Telecom və Bestcomp şirkətləri dəstək verir.

Xeberler.az