Oktyabrın 29-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Xalq Şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 14 yanvar tarixli Sərəncamına uyğun olaraq Heydər Əliyev Sarayında baş tutacaq tədbirdə bir sıra dövlət və hökumət nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak edəcək.
Qeyd edək ki, Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatının xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynayıb. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi. Şairin yaradıcılığı yeniyetmə və gənclərin vətəndaşlıq və vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynayıb.
AZƏRTAC