“Betmen Supermenə qarşı: Ədalətin astanasında” tarixdə ən bahalı film ola bilər
22.10.2015

Hollivud blokbasterlərinin fantastik büdcələri artıq heç kimi təəccübləndirmir. Lakin “Betmen Supermenə qarşı: Ədalətin astanasında” kino-komiksinin çəkilməsinə sərf olunan vəsait barədə yayılan məlumat eşidənləri şoka salır.

 Zak Snayderin bu filminin büdcəsinin 410 milyon dollara çatdığı bildirilir. Əgər bu məlumat təsdiqini tapsa, Betmen rolunda Ben Afflek və Supermen rolunda Henri Kavillin çəkildiyi kino-komiks tarix ərzində ekranlaşdırılmış ən bahalı Hollivud filmi olacaq. Hələlik bu sahədə rekord 2011-ci ildə çəkilən “Karib dənizinin quldurları: Qəribə sahillərdə” filmidir. “Forbes” jurnalının hesablamalarına görə, bu filmin büdcəsi 410,6 milyon dollar olsa da, vergi güzəştləri sayəsində həmin məbləğ 34,1 milyon dollar azalıb.

“Betmen Supermenə qarşı: Ədalətin astanasında” filmi kino tarixində ən məşhur iki super qəhrəmanın qarşıdurmasından bəhs edir. Filmin rejissoru Zak Snayder və ekran əsərində rol alan aktyorların bəyanatlarına əsasən, bu kino-komiks, ilk növbədə reallığa daha yaxın olmasına görə əvvəlki versiyalardan fərqlənəcək.

Betmenlə Supermen haqda film rekord qırarsa, çox güman ki, bu titulu uzun müddət saxlaya bilməyəcək. Belə ki, iki həftə bundan əvvəl “Qisasçılar: Sonsuzluğun müharibəsi” kino-komiksinin iki hissəsinin çəkilişlərinin 1 milyard dollara başa gələcəyi barədə şayiələr yayılıb. Həmçinin Zak Snayderin “Ədalət liqası” filminin iki hissəsinin bu yaxınlarda başlayacaq və 16 ay davam edəcək çəkilişlərinə 500 milyon dollar xərclənəcəyi bildirilir.

AZƏRTAC