Bakı sərnişin vağzalında Bakı-Tbilisi-Bakı qatarına biletlər hər iki istiqamətə satılır
26.10.2015

Bakı sərnişin vağzalında Bakı-Tbilisi-Bakı qatarına bilet satışları artıq hər iki istiqamətdə aparılır.

“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, Gürcüstandan Azərbaycana gələn 37 nömrəli Tbilisi-Bakı sürət qatarına dəmir yolu biletləri əldə etmək istəyən sərnişinlər artıq Bakı sərnişin vağzalındakı 2 nömrəli bilet kassasına müraciət edə bilərlər.

Sərnişinlər bu günə kimi Bakı-Tbilisi-Bakı sürət qatarına ancaq bir istiqamətə, yalnız Bakıdan Tbilisiyə bilet ala bilirdilərsə, hazırda bilet satışı hər iki istiqamətə aparılır.

Xatırladırıq ki, 2013-cü ilin avqust ayının 6-dan etibarən 2 nömrəli bilet kassasında Rusiya və Ukrayna dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına və geriyə Azərbaycana bilet satışı uğurla aparılır.

AZƏRTAC