Nizami Kino Mərkəzində oktyabrın 29-dan etibarən ABŞ istehsalı olan “Qara messa” və “Sonuncu ifrit ovçusu” filmlərin nümayişinə başlanacaq.
Mərkəzin mətbuat xidmətindən bildirilib ki, “Qara messa” filmini Cez Batteruortun ssenarisi əsasında rejissor Skott Kuper kriminal-bioqrafik dram janrında çəkib.
Film 16 il təqib olunan və yalnız 2011-ci ilin iyununda Santa-Monikada həbs edilən məşhur bostonlu qanqster Uayti Buldjerdən bəhs edir. Yaşı səksəni keçən Buldjer 19 ölüm hadisəsində, reket və FTB-yə informatorluqda ittiham olunur. Dəmir barmaqlıqlardan qorunmaq üçün 1995-ci ildən qaçaq həyat tərzi sürən Uayti 16 il ədalətdən gizlənib.
Filmdəki rollara Conni Depp, Coel Edgerton, Benedikt Kamberbetç, Kevin Beykon, Cessi Plemons,Piter Aarsqaard, Kori Stoll, Dakota Conson, Rori Kokreyn, Devid Xarbor və başqa aktyorlar çəkilib.
Rejissor Brek Eysner isə “Sonuncu ifrit ovçusu” filmini döyüş, fentezi və macəra janrında çəkib.
Müasir dünya bir çox sirləri gizləyir, amma arasında ən heyrətedici sirr ifritlərin insanlar arasında hələ də yaşamasıdır. O hirsli və qeyri-adi məxluqların məqsədi dünyanı ölümcül xəstəliyə düçar etməkdir. Əsrlər boyu ovçu orduları onlarla mübarizə aparıblar. Hazırda bir vaxtlar ifritlərin kraliçasını öldürmüş Kolder adlı bir ovçu qalıb. Amma kraliçanın yenidən dirildiyindən və onu öldürmək intiqamı ilə yaşamasından Kolderin xəbəri yoxdur.
Filmdə rolları Vin Dizel, Rouz Lesli, Elayca Vud, Oulavyur Darri Oulafsson, Rina Ouen, Yuli Engelbrext, Maykl Keyn, Cozef Qilqan, İsaak De Bankole, Maykl Xalsli və digər aktyorlar canlandırıblar.
AZƏRTAC