Görkəmli ifaçılar eyni səhnəni bölüşəcəklər
2.11.2015

Noyabrın 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli opera müğənniləri, Azərbaycanın Xalq artistləri, Dövlət mükafatları laureatları- Fidan və Xuraman Qasımova bacıları konsert proqramı ilə çıxış edəcəklər.

Filarmoniyadan bildirilib ki, konsertdə Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndiriləcək.

Konsertdə Fidan və Xuraman Qasımovalarla yanaşı, Xalq artistləri Alim Qasımov, Zülfiyyə Xanbabayeva və istedadlı musiqiçi Emil Əfrasiyab da çıxış edəcəklər.

Bildirilib ki, çıxışçıları Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri müşayiət edəcək.

Orkestrinin bədii rəhbəri və baş dirijoru Xalq Artisti Teymur Göyçayevdir.

AZƏRTAC