Tofiq Bəhramov adına Respublika Stadionunda “Eurovision-2012” müsabiqəsi üçün səhnənin tikilib-tikilməməsinə təmir başa çatdıqdan sonra qərar veriləcək
13.9.2011

Azərbaycanın ev sahibliyi edəcəyi ”Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üçün alternativ məkan kimi nəzərdə tutulan Tofiq Bəhramov adına Respublika Stadionunda gələn ilin may ayı da daxil olmaqla heç bir oyun keçirilməyəcək. Bu barədə Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru Akif İsmayılov məlumat verib.
O bildirib ki, hazırda stadionda sürətli söküntü işləri aparılır və yenidənqurma işləri ilə paralel olaraq oyunların keçirilməsi mümkünsüzdür: “Oktyabrın 2-nə kimi nəzərdə tutulan oyunların hamısı keçiriləcək. Sentyabrın 10-u, 17-si və 23-də Tofiq Bəhramov adına stadionda oyunlar keçiriləcək. Daha sonra milli komandanın oyunları başlayır. Oktyabrdan stadion fəaliyyətini dayandıracaq, milli komanda oyunu da bizim stadionda oynanmayacaq”.
A. İsmayılov bildirib ki, əsaslı təmirdən sonra stadionda hər bir şey dəyişəcək, həmçinin məkanın üstü qapadılacaq: “İstər tamaşaçı oturacaqları, istər geyinmə otaqları, istərsə işıq sistemi yenilənəcək. Eyni zamanda stadionun üstü bağlanacaq və qızdırıcı sistemə malik yeni meydança tikiləcək. Azərbaycan futbolunun inkişafı üçün uşaqlar üçün yeni süni örtüklü böyük meydança da tikilməsi nəzərdə tutulur. Saysız-hesabsız işlər görüləcək. Burada iş həddindən artıq çoxdur. Çalışırıq ki, bu işlər tez həyata keçirilsin. Ən çətin iş stadionun üst örtüyünün bağlanılmasıdır. Əgər biz bu işi vaxtında edə bilsək, mart-aprel ayında artıq stadion istifadəyə tam hazır olacaq”. Oturacaqların sayının artırılmasına gəlincə, A. İsmayılov deyib ki, hazırda layihədə bəzi dəyişiklər gedir və say artımı istisna olunmur.
“Eurovision-2012” müsabiqəsi üçün alternativ məkan kimi göstərilən Respublika Stadionunda səhnənin tikintisi məsələsinə təmirdən sonra baxılacaq. Akif İsmayılov Bayraq Meydanında “Kristal Palace”in tikintisinin yüksək səviyyədə getdiyini və müsabiqənin orada keçirilməsi üçün heç bir problem yaranmayacağını qeyd edib: “Müasir Konsert Kompleksinin tikintisi yüksək səviyyədə gedir. Düşünürəm ki, “Eurovision”un orada keçirilməsi üçün heç bir problem olmayacaq. “Eurovision”un harada keçiriləcəyi ilə bağlı qərar yaxın vaxtlarda veriləcək”.
A. İsmayılov onu da açıqlayıb ki, məkanın üstü bağlandıqdan sonra stadionun “S” hərfinə bənzəyən forması itəcək: “Artıq layihəyə baxdıqda bu açıq-aydın görünür. Əslində biz çalışırıq ki, bunu yığışdıraq”.