Xalq Artisti Habil Əliyevin xatirəsi anılacaq
3.11.2015

Noyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində görkəmli kaman ustası, Xalq Artisti, “Şöhrət” və “İstiqlal” ordenli Habil Əliyevin xatirə gecəsi keçiriləcək.

Muğam Mərkəzindən bildirilib ki, gecədə iştirak edəcək elm və mədəniyyət xadimləri, sənətkarın sənət dostları, ailə üzvləri H.Əliyevin həyat və yaradıcılığı ilə yanaşı, onun musiqi mədəniyyəti tarixindəki müstəsna xidmətlərindən söz açacaqlar.

Qeyd edək ki, ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı, gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur.

Habil Əliyev əllinci illərin sonu, altmışıncı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşaraq el arasında geniş şöhrət tapıb. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə edirlər.

Habil Əliyev "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Çahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı bəxş edib. O, keçmiş SSRİ respublikalarında, eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik ə s., qastrol səfərlərində olub, Azərbaycan musiqisini ləyaqətlə təbliğ edib.

Sənətkar sentyabrın 8-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

AZƏRTAC