Startap Günlərində nələr olacaq?
4.11.2015

Məlumat verdiyimiz kimi, noyabrın 6-da Azərbaycanda Startap Günləri 2015 başlayacaq.

Günlərə hazırlıqlar davam edir.

“Satartap Azərbaycan”nın Təşkilat Komitəsindən verilən məlumata görə, artıq tədbirdə iştirak edəcək qonaqlara dəvatnamələr göndərilib.

Qeyd edək ki, Startap Günləri 3 gün davam edəcək.

Günlərin tədbirlər proqramının son variantı da hazırdır və müsabəqənin rəsmi saytında yerləşdirilib.

Komitədən verilən məlumata görə, Günlər çərçivəsində keçiriləcək konfransın panelçiləri də artıq təsdiqlənib.

Startap Günlərində bir sıra tədbirlər keçiriləcək.

Belə ki, Startap Günlərinin noyabrın 6-da saat 14.00-da təşkil olunacaq rəsmi açılış mərasimindən dərhal sonra “Startap Günləri çərçivəsində “Yeni startapların yaranmasında biznes inkubatorların və universitetlərin rolu ” mövzusunda konfrans öz işinə başlayacaq. Bundan sonra isə aşağıdakı ardıcıllıqla tədbirlər olacaq:

-İlk öncə Startap Günlərinin başlanğıcında yeni internet biznesə başlayan və ya bu niyyətdə olanların, gənc startapçıların, həmçinin proqramçılar və dizaynerlərin, marketoloqların səsləndirdiyi innovativ biznes ideyaların yarışması keçiriləcək. Maraqlı innovativ ideyası olanlar qısa müddət (3 dəq.) ərzində öz ideyalarını auditoriyaya təqdim edəcəklər.

-İştirakçıların və ekspertlərin seçimi ilə daha çox dəstək qazanan bir neçə ideya qalib olaraq seçiləcək .

-Daha sonra bu seçilən ideyalar ətrafında iştirakçılardan ibarət 5 - 7 nəfərlik startap komandaları formalaşacaq .

-Onlar tərəfindən 2 gün ərzində bu ideyalar ətrafında layihələrin ilkin variantları hazırlanacaq. Layihələrin ilkin variantlarının hazırlanması üçün komandalara Startap Azərbaycanın ekspertləri və mentorları köməklik göstərəcək.

-Yekunda Startap komandaları münsiflər qarşısında bu layihələrin qısa müddətli təqdimatlarını edəcəklər və münsiflər layihələr içərisindən daha uğurlu olanları finalçı olaraq seçəcəklər.

-Qalib layihələrə və qalib Layihələrin hər bir iştirakçısına, həmçinin tədbirlərin bütün mərhələlərində aktiv iştirak edənlərə, təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, sertifikatlar və diplomlar təqdim olunacaq.

-İştirakçılar üçün həmçinin tədbirlər çərçivəsində yerli startup sahibləri ilə görüşlər və maraqlı təlimlər, tanışlıq məqsədi və əlaqələr qurulması üçün netvorkinqlər təşkil olunacaq.

-Beynəlxalq ekspertin iştirakı ilə internet biznesə maraq göstərənlər üçün xüsusi təlimlərin də keçirilməsi nəzərdə tutulur.

Onu da nəzərinizə çatdıraq ki, Təşkilat Komitəsi tərəfindən artıq Günlər üçün qeydiyyatdan keçmiş şəxsələrə tədbirdə iştirak üçün dəvət də göndərilməyə başlayıb.

Startap Günləri 2015 –in qalib layihələrinə və qalib layihələrin hər bir iştirakçısına sponsorların qiymətli hədiyyələri və diplomlar təqdim olunacaq. Həmçinin tədbirlərin bütün mərhələlərində aktiv iştirak edənlərə sertifikat veriləcək.

Startap Günlərinə Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, Cybernet, Xəzər Vençur (Khazar Ventures), SİNAM, Bakcell şirkətləri və ATL Group şirkəti dəstək verir.

Hazırda Günlər üçün qeydiyyat davam edir. Qeyd edək ki, bu məqsədlə yaradılan Facebook-da "event"də də qeydiyyatdan keçmək olar.

Xeberler.az