Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Təbiət Dostları” Gənclər İctimai Birliyi "Beynəlxalq əməkdaşlıqdan yerli inkişafa" layihəsinə start verdi.
İctimai Birlikdən verilən məlumata görə, layihənin məqsədi gəncləri beynəlxalq ekoloji proqramlarda təlimçi və təşkilatçı kimi təlimləndirərək onların beynəlxalq ekoloji proqramlarda iştirakını təmin etməkdir. Proqram çərçivəsində gənclər üçün beynəlxalq ekoloji təşkilatlarda təmsilçilik, dağçılıq və ekoturizm mövzularında nəzəri-praktiki məşğələlər keçiriləcək.
Eyni zamanda, “Təbiət Dostları”nın üzv olduğu Beynəlxalq Gənc Təbiət Dostları Təşkilatının (IYNF) Almaniya üzrə rəhbəri Frederik Düpmeyer iştirakçılara beynəlxalq ekoloji layihələr haqqında məlumat verəcək. Bundan əlavə, açıq havada qeyri-formal təhsil metodları, müxtəlif təqdimatlar, həmçinin bir çox gənclər təşkilatları ilə görüşlər keçiriləcək.
Təlim noyabrın 9-dək Bakı və Gəncə şəhərlərində, Göygöl Milli Parkı ərazisində təşkil ediləcək.
AZƏRTAC