12 aprel 1945-ci ildə ABŞ prezidenti F.D.Ruzvelt (1882-1945) "yüksək qan təzyiqinə bağlı beyin qanaması"ndan öldü.
O, 10 ilə yaxın idi ki, yüksək qan təzyiqindən əziyyət çəkirdi, ömrünün son günlərinə qədər böyük təzyiqi 190 mmHg-a qədər yüksəlmişdi, lakin ona bir dənə də olsun təzyiq düşürücü dərman verilməmişdi. Çünki o illərdə yüksək qan təzyiqini toxumalara kifayət qədər qan göndərmək üçün ürəyin bir cavabı olaraq hesab edirdilər. Hətta o dövrün məşhur həkimlərindən biri yüksək qan təzyiqini düşürməyin "axmaqların işi" olduğunu söyləmişdi.
1950-ci illərin sonlarına doğru yüksək qan təzyiqinin ürək, beyin, böyrək, göz damarlarının xəstəliklərində rolu olduğu, yüksək təzyiqin ömrü qısaltdığı və təzyiqi düşürməyin vacibliyi ortaya çıxdı. Təzyiq dərmanları da bu vaxtlar istifadə edilməyə başlandı. Yeni dərmanlar kəşf olundu, kəşf edənlər isə Nobel mükafatı ilə mükafatlandırıldılar.
XX əsrin əvvəllərindən etibarən təzyiq ölçülməyə başlanmışdı. O vaxtdan bəri verilən, "hansı təzyiq normaldır, təzyiq neçə olanda dərman verək?" kimi suallar həkimləri hələ də düşündürür. Bir nümunə verərək hal-hazırda tibbin bu məsələ haqqında mövqeyini izah edək. Poliklinikada mən, ya da digər həkim yoldaşlarımın tez-tez qarşılaşdığı bir mənzərədən bəhs edim. İçəri təlaşla girən bir xəstə: "Həkim, halsızam, başım ağrıyır, təzyiqimi ölçün". Həkim təzyiqi ölçür: 135/80 mmHg. Son klinik protokollardan xəbərdar olan həkimlər bunun normal təzyiq olduğunu, təlaşa ehtiyac olmadığını söyləyirlər. Bəzi pasiyentlər isə bu ölçülərin yüksək olduğunu düşünürlər, özlərini təzyiq xəstəsi hesab edirlər, həkimdən dərman istəyirlər. Bəs bu mövzuda Avropa Ürək Cəmiyyətinin (ESC) klinik protokolları nə deyir ?
ESC-nin 2013-cü ildə, yəni ən son yayımlanan klinik protokoluna görə, təzyiq aşağıdakı kimi sinifləndirilmişdir (Azərbaycan ESC-nin üzvü olduğuna görə burada ESC klinik protokolundan nümunə verilmişdir):
Kategoriya Böyük təzyiq (mmHg) Kiçik təzyiq (mmHg)
Optimal <120 və <80
Normal 120-129 və/və ya 80-84
Yüksək normal 130-139 və/və ya 85-89
I etap təzyiq 140-159 və/və ya 90-99
II etap təzyiq 160-179 və/və ya 100-109
III etap təzyiq ≥180 və/və ya ≥110
Təzyiqi "yüksək normal" olan qrupdakı pasiyentlərə bu gün dünyanın qəbul etdiyi görüşə görə dərman müalicəsi başlanmaz. Təzyiq ≥140/90 mmHg isə dərman başlanır. Yəni təzyiqi 135/80 mmHg olan bir insanın təzyiqini 120/80 mmHg-a salmaq bir xeyir gətirmir, tərsinə, zərər verir. Təzyiqi "yüksək normal" qrupda olanlar özlərinə diqqət etmədikləri halda bir neçə ildən sonra "I etap təzyiq" əmələ gəlir. Bu irəliləyişi gecikdirmək, bəzən də qarşısını almaq üçün "həyat tərzi dəyişikliyi" məsləhət görülür. Həyat tərzi dəyişikliyi dieta (meyvə-tərəvəz, qoz-fındıq, paxlalılar, doymamış yağlar, balıq, toyuq, yağsız ətdən ibarət yeməklərə üstünlük vermək, şəkəri azaltmaq, işlənmiş qidalardan uzaq durmaq və s.), duzu azaltmaq, siqareti tərgitmək, hərəkətli həyat sürmək, gündə 1-2 qədəhdən çox alkoqollu içki qəbul etməmək və artıq kiloları verməkdən ibarətdir. Əslində bu məsləhətlər hamı üçündür.
Xalq arasında bilinən "həqiqətlərin" çoxu, məsələn, yüksək təzyiqlə baş ağrısı arasında əlaqə olması, limonun təzyiqi aşağı salması kimi, əslində elm tərəfindən uzun illərdir aparılan çoxsaylı araşdırmalara baxmayaraq öz təsdiqini tapmayıb. Bu mövzuya isə indilik burada toxunmayacağam.
Milli.az