Mərkəzi Asiyada keçirilən ən böyük İT tədbirlərindən TechConnect konfransı bu il Qazaxıstanda keçirilir.
Konfransa bu gün Astana şəhəri ev sahibliyi edir.
Konfransda Mərkəzi Asiya, Amerika, Avropa və MDB ölkələrindən 150 investor, 150 ən yaxşı startapçı və 1500 nəfərin iştirakı gözlənilir.
Azərbyacandan da İT nümayəndələr tədbirdə təmsil olunur. Belə ki, Neft və Sənaye Universitetinin tərkibində fəaliyyətə başlayan NEXT STEP İnnovasiya Mərkəzinin direktoru Kamran İmaməliyev, Bakcell-in AppLap layihəsininin nümayəndəsi də konfransda iştirak edir.
Qeyd edək ki, tədbir Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin “Qloballaşan dünyada Qazaxıstanın gələcəyi” məruzəsi ilə başlayacaq.
Konfransa dünyada investisiya və innovasiya sahəsində tanınan 45 ekspert dəvət olunub. Çıxış edəcək mütəxəssislərlə bağlı buradan ətraflı məlumat əldə bilərsiniz.
Konfransın müxtəlif panellərində isə İT şirkətlərin və startapların Qazaxıstanın Baş naziri və digər dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.
Həmçinin, konfrans çərçivəsində təşkil olunmuş sərgidə müxtəlif ölkələrdən olan startaplar öz layihələrini nümayiş etdirəcəklər.
Konfransda təşkil olunan “Startap Battle” ( Startapların döyüşü) müsabiqəsində qalib layihə 15 min dollar qazanacaq.
Konfrans Qazaxıstan Respublikasının İnvestisiya və İnkişaf Nazirliyi,Texnoloji İnkişaf üzrə Milli Agentlik, beynəlxalq biznes accelerator şirkəti Happy Farm-ın təşkilatçılığl ilə keçirilir.
Xeberler.az