“Unibank” daha bir beynəlxalq ödəniş sisteminə qoşuldu
17.11.2015

Artıq UnionPay ödəniş sisteminin bütün kart sahibləri “Unibank”ın geniş ATM və POS-terminal xidmətlərindən istifadə edə biləcəklər.

Bankdan bildirilib ki, bu xidmətlərə bankın ölkə üzrə 80-dən çox bankomatından və geniş filial şəbəkəsindən nağd vəsaitin əldə edilməsi, 1300-dən çox ticarət və xidmət müəssisəsində nağdsız ödənişlərin qəbulu daxildir.

2002-ci ildə Çinin Milli Ödəniş təşkilatı olaraq təsis edilən China UnionPay, hazırda beynəlxalq ödəniş sistemi statusunu daşıyır. Dünyanın 140-dək ölkəsində xidmət göstərən və ödəniş kartlarının sayına görə dünya lideri olan UnionPay ödəniş sisteminə regionda da tələbatın yaranmasını nəzərə alan “Unibank” gələcəkdə bu təşkilatla əməkdaşlığı daha da genişləndirməyi planlaşdırır.

Xatırladaq ki, bir müddət əvvəl “Unibank” kart sahiblərinə xidmətin keyfiyyətini və çeşidini artırmaq üçün öz “Kart Prossesinq Mərkəzi”ni yaradıb. Bank kartlarının bankın öz “Prosessinq Mərkəz”i tərəfindən idarə edilməsinə başlanması ödəniş kartları və nağdsız ödənişlər istiqamətində daha çevik və effektiv olmasına imkan verir. Prossesinq mərkəzi bankın yüz minlərlə kart müştərisinin istəklərinə cavab verən çeşidli, innovativ məhsullar təqdim edəcək.

AZƏRTAC