«Azərkosmos» Meksika Kosmik Agentliyi ilə əməkdaşlıq edəcək
23.5.2012

Azərbaycanda səfərdə olan Meksika Kosmik Agentliyinin nümayəndələri ilə «Azərkosmos» ASC-də geniş tərkibli görüş keçirilib.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, Meksika Kosmik Agentliyinin baş direktoru Xavier Mendietanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə «Azərkosmos» ASC-nin yaranma səbəbləri və tarixçəsi, məqsəd və fəaliyyət istiqamətləri, qarşıda duran planlar ilə yanaşı, 2012-ci ilin sonunda orbitə buraxılması planlaşdırılan ilk telekommunikasiya peykinin əhatə dairəsi, peyk vasitəsilə göstəriləcək xidmət növləri, peyki idarəetmə mərkəzləri barədə ətraflı təqdimatlar edilib.

Görüşdə həmçinin 2013-cü ildə orbitə buraxılması planlaşdırılan aşağıorbitli peykə dair «Azərkosmos» ASC tərəfindən aparılan araşdırma və hazırlıq işlərinə dair ətraflı məlumat verilib.

Meksika Kosmik Agentliyinin fəaliyyəti ilə bağlı tanışlıq məqsədli çıxışlardan sonra sözügedən qurumla «Azərkosmos» ASC arasında gələcək əməkdaşlıq perspektivlərinə dair geniş müzakirələr aparılıb, əməkdaşlıq imkanlarına dair müəyyən istiqamətlərə dair fikir mübadiləsi edilib.

Bununla yanaşı, görüşdə Azərbaycanda texnologiya tutumlu sahələrin yeni təşəkkül tapması və peyk sənayesinin yaradılması işinə son illərdə başlanılması ilə əlaqədar olaraq, bu sahə üzrə ölkədə insan ehtiyatlarının və kadr potensialının inkişaf etdirilməsi işində Meksika Kosmik Agentliyinin «Azərkosmos»la əməkdaşlıq etməsi və təcrübə mübadiləsində iştirak etməsi təklif olunub.

Meksika Kosmik Agentliyinin rəhbərliyi əməkdaşlığa dair bütün təklifləri müsbət qarşıladıqlarını bəyan edərək, regionda lider ölkəyə çevrilməkdə olan Azərbaycanla sıx əlaqələr qurmaqda, xüsusilə də «Azərkosmos» ASC ilə bu istiqamətdə iş aparmaqda maraqlı olduqlarını bildirib.

APA