İsveç proqramçısı Markus Persson tərəfindən yaradılmış həvəskar
“Minecraft” oyun layihəsi tezliklə milyonlarla istifadəçinin ürəyini
fəth edərək dünyada ən gəlirli oyunlardan birinə çevrilib. O, 4 il sonra
bu oyunu “Microsoft” korporasiyasına 2,5 milyard dollara satıb və
təsisçisi olduğu “Mojang” studiyasını tərk edib. İndi “Microsoft”
şirkəti “Minecraft” oyununu bütün istiqamətlərdə genişləndirməyi
planlaşdırır. Belə istiqamətlərdən biri uşaq təhsilidir.
“Microsoft” və
“Code.org” proqramçılar portalının birgə layihəsi kiçik məktəb yaşlı
uşaqlara “Minecraft” oyununun köməyi ilə proqramlaşdırmada alqoritmlərin
qurulmasının əsaslarını öyrənməyə imkan verəcək. Xüsusi redaktor
oyundan bir fraqmenti nümayiş etdirir, uşaqlar bu oyunda elementləri
kiçik bloklar şəklində olan xüsusi proqram komandalarının köməyi ilə
idarə edə bilir. Bloklar müəyyən ardıcıllıqla yerləşib və proqram onları
hərəkətə gətirir. Bu proqram 6 və daha yuxarı yaşlı uşaqlar üçün
nəzərdə tutulub. Uşaqlara müəyyən alqoritmlərin qurulması vasitəsilə
müxtəlif məsələləri həll etmək təklif ediləcək. Bundan əlavə,
şagirdlərin proqramlaşdırmanın əsaslarını və onun baza mexanizmlərinin
işləmə prosesini başa düşməsi üçün proqrama bir çox dərslər əlavə
olunub.
azertag.az