Azərbaycan turistlər üçün "İlin kəşfi" oldu
20.11.2015

Dünyanın səyahətlərə həsr olunmuş ən oxunqlı jurnalı "National Geographic Traveler" Azərbaycanı turizm sahəsində "İlin kəşfi" elan edib. Söhbət bu nəşrin hər il ən yaxşı turizm istiqamətlərini seçən Rusiya bölməsindən gedir. "National Geographic Traveler Awards 2015"in qalibləri noyabrın 18-də Moskvada açıqlanıb. Qalib diplomu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluya təqdim olunub. Azərbaycan həmçinin "Qastronomik turizm" sahəsində liderlərdən biri seçilib.

"National Geographic Traveler" nəşri turistlər arasında populyar olan ölkələrin özəlliklərinə diqqət ayırır, ekzotik ölkələrə səfərlərlə bağlı məsləhətlər verir. Amerikanın bu jurnalı Milli Coğrafiya Cəmiyyəti tərəfindən 1984-cü ildən nəşr olunur. Jurnal 20 ölkədə 10 dildə çap edilir.

"National Geographic Traveler Awards" mükafatının təşkilatçıları vurğulayırlar ki, müsabiqə "istirahət üçün ən bəyənilən yerləri aşkarlamağa və yeni turistik üfüqlər açmağa" imkan verir. Onların fikrincə, bu, səyyahlığa yeni başlayanlarla yanaşı, təcrübəli səyyahları da yeni səyahətlərə sövq edir.

Jurnalın oxucuları arasından növbəti sorğuya 2015-ci ilin yayında start verilib. Onlayn səsvermə iyunun 29-dan noyabrın 10-dək 18 nominasiyada aparılıb: "Çimərlik istirahəti", "Ailəvi istirahət", "Dağ-xizək turizmi", "Ekskursiya", "Aqroturizm", "Sağlamlıq turizmi", "Ekoloji turizm", "Macəra turizmi", "Rusiya turizmi", "İlin kəşfi", "Qastronomik turizm", "Ekzotik istirahət", "Ən yaxşı xarici aviaşirkət", "Ən yaxşı rus aviaşirkəti", "Ən yaxşı otellər şəbəkəsi", "Ən yaxşı çimərlik oteli", "Ən yaxşı internet servis" və "Ən yaxşı səyahət verilişi". Sorğu zamanı hər bir oxucuya bütün nominasiyalar üzrə təklif olunan cavab variantını seçmək və ya öz variantını təklif etmək imkanı yaradılıb.

Sorğunun http://www.nat-geo.ru/ngt-awards-2015/nomination İnternet ünvanında açıqlanmış nəticələrinə görə, "National Geographic Traveler"in oxucuları Azərbaycanın turizm sahəsindəki mövqelərini yüksək qiymətləndiriblər. Məsələn, "Çimərlik istirahəti" nominasiyasında 9% səs qazanan ölkə 25 nominant arasında 4-cü yeri tutub. Azərbaycan kurortlarını yalnız ilboyu dəniz sahillərində turist qəbul edən Tailand (12%), İspaniya (11%) və Filippin (10%) qabaqlayıb. Azərbaycan hətta rus turistlərinin kütləvi axın etdikləri Türkiyə və Misiri (hər biri 4% səs toplayıb), Yunanıstanı (7%), elitar İtaliyanı (5%) belə, geridə qoyub. Hətta rus turistlər üçün daha doğma olan Krım belə, bu sorğuda cəmi 4% səs toplayıb. Bu mənada Azərbaycanın qərarlaşdığı mövqe daha böyük hörmətə layiqdir.

"Ekskursiya turizmi" nominasiyasında 9% səs yığan Azərbaycan 5-ci yeri tutub. Bu siyahıda onu 13% səslə Çin, 12%-lə Türkiyə, 11%-lə Serbiya və 10%-lə Astraliya qabaqlayıb. Qeyd edək ki, bu sorğuda Avropa ölkələri o qədər də yüksək nəticə əldə edə bilməyib: Almaniya və İspaniya hərəyə 1%, Böyük Britaniya 2, İtaliya 4% səs toplayıb. Ehtimal etmək olar ki, təcrübəli turistlər bu ölkələrə təşkil olunan ekskursiyalardan doyub və özləri üçün yeni diyarlar aşkar etmək arzusundadırlar.

Azərbaycanın "Dağ-xizək turizmi" kateqoriyasında nominantlar arasına düşməsi də qanunauyğun haldır. Bu sahənin şübhəsiz favoritləri onilliklər ərzində Alp dağlarındakı kurortları inkişaf etdirən İsveçrə (21%) və Avstriyadır (20%). Azərbaycan isə hələlik dağ-xizək turizmi həvəskarlarından cəmi 1% səs ala bilib. Lakin maraqlıdır ki, Fransa və Finlandiya da təxminən oxşar nəticə göstərib. Rusiya bu nominasiyada 3%-dən bir qədər artıq səs toplayıb.

Nəzərə alsaq ki, getdikcə daha çox xizək həvəskarı Qəbələ və Şahdağ kurortları haqda məlumatlandırılır, Azərbaycana olan marağın artacağını gözləmək olar.

"National Geographic Traveler"in oxucuları Azərbaycanı "Qastronomik turizm" sahəsinin də liderləri sırasında göstərib. Qeyd edək ki, bu gün qastronomik turizm səyahət məqsədləri arasında ən populyarlarından sayılır. UNWTO-nun (BMT-nin turizm təşkilatı) araşdırmalarına görə, dünyada turistlərin 30%-i milli mətbəxi səyahətlər üçün ən yaxşı motivasiya sayır. Ən böyük qurman kimi isə almanlar, ingilislər, amerikalılar və yaponlar tanınıblar. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi bu turizm növünü inkişaf etdirmək üçün birinci Avropa Oyunları ərəfəsində "Azerbaijan Breakfast" ("Azərbaycan səhər yeməyi") brendini patentləşdirib. İndi bu brend qastronomik qonaqpərvərliyin yeni rəmzinə çevrilməlidir. Beləliklə, bu nominasiyada Azərbaycan 15% səslə yalnız qurmanların "Məkkə"si sayılan Fransadan (18%), həmçinin Gürcüstan (17%) və Meksikadan (16%) geri qalır. Əvəzində o, 7% səs toplamış İtaliyadan, 4% səs yığmış İspaniyadan və cəmi 1% səs qazanmış Hindistandan daha "dadlı" ölkə adını qazanıb.

Müsabiqənin əsas nəticəsi isə əlbəttə ki, Azərbaycanın turizm sahəsində "İlin kəşfi" adına layiq görülməsidir. Buna sorğu iştirakçılarının 19%-i səs verib. Bu nominasiyada məsələn, İsrail və ABŞ hərəyə cəmi 1% səs qazanıb.

Onu da əlavə edim ki, dünyanın ən tanınmış bələdçi nəşrlərindən olan "Lonely Planet" jurnalı ötən yay Bakını ilk dəfə olaraq Avropanın ən maraqlı yerlərinin "onluğ"una daxil edib. Bakını oxuculara təqdim edən reytinq müəllifləri, Azərbaycan paytaxtını "qitənin ən sürətli inkişaf edən şəhərlərindən biri" adlandırıblər. Onlar bildirilbər ki, indi "burada Sovet dövrünün beton tikililərini tədricən Paris ədası və Dubay dəbdəbəsi əvəzləyir".

Milli.Az