Şəki 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunub"
27.11.2015

Noyabrın 26-da Türkmənistanın Marı şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının növbəti 33-cü toplantısı öz işinə başlayıb. Mədəniyyət və Turizm Nazirliyinə istinadən verilən xəbərə görə, toplantıda Azərbaycanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Toplantı çərçivəsində ötən il həyata keçirilmiş layihələrə dair TÜRKSOY Baş katibinin hesabatı dinlənilib, 2016-cı il üçün tədbirlər planının təsdiqi həyata keçirilib.

Toplantıda çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev TÜRKSOY təşkilatı tərəfindən həyata keçirilən "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın qədim tarixi və mədəni mərkəzlərindən biri olan Şəki şəhərinin 2016-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı Azərbaycan tərəfinin təklifinin TÜRKSOY təşkilatı tərəfindən nəzərdən keçirilməsini xahiş edib.

Vurğulanıb ki, füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, zəngin irsinin qorunması nəticəsində bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmiş Şəkinin türk dünyasının mədəniyyət paytaxtı elan olunması unikal mədəniyyətimizin təşviqində əhəmiyyətli rol oyanacaq.

TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının növbəti 33-cü toplantısının yekununda Azərbaycan tərəfinin Şəki şəhərinin 2016-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı təklifi üzv dövlətlər tərəfindən yekdilliklə müsbət qiymətləndirilmiş və Şəki "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunub.

Milli.Az