Dünya İqtisadi Forumu: Azərbaycan ticarət üçün əlverişli şərait indeksinə görə 81-ci yeri tutur
24.5.2012

Mayın 23-də Dünya İqtisadi Forumu “Ticarət üçün əlverişli şərait 2012” adlı hesabatını dərc edib. 2 ildən bir dərc olunan hesabatda dünyanın 132 ölkəsində ticarət sahəsindəki vəziyyət təhlil olunub.

Azərbaycan bu il ticarət üçün əlverişli şərait indeksinə görə 4 pillə geriləyərək 81-ci yerdə qərarlaşıb. Bazarlara çıxış sahəsində Azərbaycan 57-ci, sərhədlərin inzibatçılığına görə 107-ci, nəqliyyat infrastrukturuna görə 69-cu, biznes mühitinin inkişafına görə 59-cu yerləri tutub.

Ticarət üçün əlverişli şərait indeksinə görə ilk iki yeri 2010-cu ildə olduğu kimi, Sinqapur və Honkonq tutur. Avropa ölkələrindən Fransa və Böyük Britaniya öz mövqelərini yaxşılaşdıraraq, müvafiq olaraq 6-cı və 11-ci yerləri bölüşdürüblər. Azərbaycana həmsərhəd ölkələrdən Türkiyə 62-ci, Rusiya 112-ci, Gürcüstan 38-ci, Ermənistan 59-cu yerdə qərarlaşıb. ABŞ (23) və Çinin (56) göstəriciləri isə pisləşib.

APA