«Nar Mobile» şirkəti «Mobil ingilis dili» layihəsinə başlayıb
24.5.2012

Azərbaycanın mobil rabitə operatoru olan «Nar Mobile» şirkəti «British Council» ilə birgə abunəçilərinə yeni «Mobil ingilis dili» layihəsini təqdim edib.

Şirkətdən verilən məlumata görə, «Mobil ingilis dili» layihəsi ingilis dilinin öyrənilməsini daha əyləncəli və asan edən bir layihədir. Layihə bütün istifadəçilərə öz mobil telefonlarından istifadə edərək ingilis dilini öyrənmək imkanını yaradır. Bu xidmətə qoşulmaqla, istifadəçilər hər gün ingilis dilində yeni söz, cümlə və onların Azərbaycan dilində tərcüməsini, eyni zamanda, cümlədə onların istifadə formasını alacaq. Səviyyənin sonunda əldə etdikləri nəticələri yoxlamaq istəyən istifadəçilər kiçik sorğu ilə öz biliklərini yoxlaya biləcək.

Layihəyə qoşulmaq üçün ingilis dili səviyyəsindən asılı olaraq asan səviyyə üçün «E1», orta səviyyə üçün «M1» və ya çətin səviyyə üçün «H1» yazıb 2022 nömrəsinə göndərmək lazımdır. Xidmətin haqqı 90 qəpik (ƏDV daxil) təşkil edir.

Qeyd edək ki, «Mobil ingilis dili» layihəsində istifadə olunan materiallar Çin, Qazaxıstan, Tailand, Sudan, Şri-Lanka, İndoneziya və bir sıra digər ölkələrdə müxtəlif mobil layihələrdə istifadə edilmiş materialların toplusudur. Bu proqram SMS vasitəsi ilə göndərilə bilən materialları, smartfonları və bir çox interneti dəstəkləyən telefonlar üçün proqramları simsiz ötürmə və digər texnologiyaları özündə cəmləşdirir.

APA