Azərbaycanda dərsdən qalan şagairdlərin valideynləri cərimələnəcək. Bununla bağlı İnzibat Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir. Dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə görə, təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində yeddi gündən çox buraxılmasına görə, şagirdin valideyni 100 manat miqdarında cərimə edilir. Layihə qəbul olunaraq parlamentin iclasına tövsiyə olunub.
Bundan başqa bu günki iclasda bir çox məsələlərə toxunulub. "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklərdə nəzərəd tutulub ki, İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycanda dini təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilə biləcək. Xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına islam dininə aid ayin və mərasimlərin aparılması qadağandır.
Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxs dini təbliğata görə cəzalandırılacaq. "Cinayət Məcəlləsinə" təklif edilən dəyişikliyə görə, əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası alacaq.
Azərbaycanda dini ekstremizmə qarşı mübarizənin gücləndirilməsini nəzərdə tutan yeni qanun layihəsi hazırlanıb. Layihəyə əsasən, hər hansı bir bölgədə, kənddə, əyalətdə dini ekstremizm yayılan zaman dövlətin hüquq-mühafizə orqanları dini ekstremizmə qarşı əməliyyat keçirdikdə, orada xüsusi hüquqi rejim tətbiq olunacaq. Dini ekstremizmin yayıldığı konkret bölgədə fövqəladə rejim elan olunmayacaq.
Həmin ərazidə Daxili Qoşunların, hüquq-mühafizə orqanlarının fəaliyyətinə qarşı hər hansı bir addımların atılması hüquqi rejimin pozulması anlamına gələcək və belə hərəkətlərə yol verənlər qanunla sərt cəzalandırılacaq.
anspress.com