Stress kişiləri daha ünsiyyətcil olmağa məcbur edir
25.5.2012

Alman alimləri müəyyən etmişlər ki, sosial gərginlik şəraitində kişilər əvvəllər hesab edildiyi kimi aqressiv deyil, ünsiyyətcil olurlar.

Gərgin vəziyyətlərdə onların davranışını öyrənən mütəxəssislər bildirmişlər ki, qıcığa cavab reaksiyası olaraq kişilər müsbət sosial davranış nümayiş etdirirlər.

Frayburq Universitetinin psixologiya üzrə professoru Markus Xaynriks, elmlər doktoru Bernadett fon Davans və onların həmkarları 100 ildən artıq mövcud olan hamı tərəfindən qəbul olunmuş nəzəriyyəni təkzib etmişlər. Bu nəzəriyyəyə əsasən insanlar, həmçinin əksər növ heyvanlar stressə cavab olaraq ya problemdən uzaqlaşır, ya da qıcıq mənbəyinə mübarizə elan edirlər.

Cavab reaksiyası kimi flight-or-flight terminini alimlər “mübarizə və ya qaçmaq” kimi izah edirlər. Bu isə təhlükə və ya xoşagəlməz vəziyyətlərdə mümkün davranış variantlarını əks etdirir.

Bir çox mütəxəssislər XX əsrin 90-cı illərinin sonunda qadınların stress şəraitə səmimi reaksiya verməsini təsdiq etdilər. Kişilərin stress vəziyyətlərdə davranışı ilə əlaqədar eksperimentlər isə ilk dəfə keçirilmişdir.

Xaynriks demişdir: “Kişilərin stressə reaksiyasını müəyyənləşdirmək üçün biz xüsusi iqtisadi oyunlardan istifadə edirdik. Bu müddətdə onların inam səviyyəsini həyəcanlarını bölüşmək arzusunu və ya aqressivliyinin səviyyəsini müəyyənləşdirirdik. Sən demə, stressə meyilli kişilər cavab reaksiyası kimi pozitiv sosial davranış nümayiş etdirirlər”.

Alimlərin bu qrupu tərəfindən əvvəllər aparılmış tədqiqatlar göstərmişdir ki, münaqişə vəziyyətindən dərhal sonra yaxın insanla olan müsbət sosial əlaqələr stresslə bağlı mənfi emosiyaları azaldır.
Markus Xaynriks onu də əlavə etmişdir ki, növbəti mərhələdə onlar kişi və qadınların stressə olan reaksiyalarını müqayisə edəcəklər.

AzərTAc